"Burada olduğumuz ilk gündən məsuliyyətimizi dərk edirik"
"Litva ilə matça yaxşı hazırlaşmışıq. Futbolçulara lazımi tapşırıqlar verilib. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”.
"Mediasport"un Litvaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis sabah UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Litva ilə səfərdə keçiriləcək oyundan öncə mətbuat konfransında danışıb.
O, yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacaqlarını bildirib:
“Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Məncə, şanslarımız bərabərdir.
Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər.
Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq.
Sabah bizim üçün əlamətdar gündür. Anım Günüdür.
Bu gün burda olmağımızın səbəbkarları olan şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsində iştirak edən hər kəsə borcluyuq.
Düzdür, idman başqadır, amma oyunun bu gündə keçirilməsi bizim üçün bir "silah" olacaq.
Bu barədə futbolçularla danışığımız olub. Sabah yenə də söhbət edəcəyik".
Abdulla Xaybulayevin vəziyyəti necədir? Start heyəti müəyyənləşdirmisiniz?
- Xaybulayevdə problem yoxdur. Yorğunluğu da var idi. Fikirləşdiyimiz heyətlə plan üzrə məşq edirik.
Milli komanda üçün yeni macəra başlayır. Demək olarmı ki, Ayxan Abbasov sabahdan rəsmən işə başlayır və tam məsuliyyət onda olacaq?
- Milli komandadan olan gündən buna hazırıq. Burada olduğumuz ilk gündən məsuliyyətimizi dərk edirik. Biz işə U-21-də başlamışdıq. Fransa ilə oyundan öncə isə əsas millidə vəzifəyə gəldik. Yuxarı qalxmaq üçün çalışmaq lazımdır.
Qeyd edək ki, idman jurnalistlərinin Litvaya səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyilə həyata keçirilib.

