"Düzgün işin və çəkilən zəhmətin nəticəsini meydanda gördük”
"Bu, Azərbaycan kişi voleybolu tarixində bir ilkdir. Bu uğur kollektivimizin birliyinin, qarşılıqlı inamının və zəhmətinin nəticəsidir".
"Mediasport" xəbər verir ki, bu sözləri kişilərdən ibarət "Xilasedici" voleybol klubunun baş məşqçisi Cəlil Cəlilov deyib.
Mütəxəssis komandasının CEV çempionlar Liqasında mərhələ adlamasından danışıb, Portuqaliya səfərində "Sportinq" üzərində əldə olunan qələbəni şərh edib:
"Çox gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda komandamız 3:2 hesabı ilə qalib gəldi. Qızıl setdə isə 15:13 hesabı ilə üstünlük qazanaraq 3-cü mərhələyə yüksəldik.
Klubun bütün əməkdaşlarına və daim bizə dəstək olan azarkeşlərə, hər kəsə təşəkkür edirəm. Qarşımızda yeni hədəflər var və onlara çatmaq üçün eyni əzmlə çalışmağa davam edəcəyik”.
O, portuqalların güclü rəqib olduğunu söyləyib:
“Oyunçularının səviyyəsi hər kəsə bəlli idi. Buna baxmayaraq, voleybolçularımız sona qədər mübarizə apardılar və öz potensiallarını ortaya qoydular.
Onları bu uğur münasibətilə ürəkdən təbrik edirəm. Görülən düzgün işin və çəkilən zəhmətin nəticəsini meydanda gördük”.
Xatırladaq ki, komandalar arasında hər iki görüş bir rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz qızıl setdə 15:13 hesablı qalibiyyətlə 3-cü raunda yüksəlib.

