"Futbolçularımız ötənilki çıxışdan müəyyən təcrübə qazanıblar"

"Futbolçularımız ötənilki çıxışdan müəyyən təcrübə qazanıblar"

"Qarabağ"ın U-19 kollektivinin UEFA Gənclər Liqasındakı rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun akademiyası əsas komandadan daha çox tanınır".

"Mediasport" xəbər verir ki, bunu "Report"a açıqlamasında Ağdam klubunun futbol akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

O, Xorvatiya təmsilçisinin sistemini yaxından tanıdığını bildirib:

"Bir neçə il əvvəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Dinamo" ilə oyunu ərəfəsində Xorvatiyaya səfər edərkən bu klubun akademiyasında olmuşdum.

Düşünürəm ki, zaqreblilərin futbol məktəbi əsas heyətdən daha çox tanınır. Avropada bir çox tanınmış futbolçunun yolu məhz buradan keçib. Bu gün də sistemli iş davam edir.

Görülən işlərin canlı şahidi olmuşam. UEFA Gənclər Liqasının əsas mərhələsində oynaya biləcək potensiala malikdirlər.

Bütövlükdə klubun ümumi büdcəsinin böyük hissəsi akademiya oyunçularının satışından təşkil olunur. Hər il bir neçə futbolçunun satışından gəlir əldə edirlər. Bu da onların bu sahəyə nə qədər önəm verdiklərini göstərir".

Hacıyev "Qarabağ"ın U-19 komandasının mövcud vəziyyəti və heyəti barədə məlumat verib:

"Rəqibin ad-sanına baxmayaraq, belə klubla oyun gənclər üçün yaxşı təcrübə olacaq. Futbolçularımız ötənilki çıxışdan müəyyən təcrübə qazanıblar və bu mövsümdə daha yaxşı oynamağa çalışacaqlar.

Hazırda heyətimiz daha çox yerli oyunçulardan təşkil olunub. Komandaya yalnız Qanadan olan Daniel Aryeri cəlb edilib.

Çempionatda mübarizə aparmaq və beynəlxalq matçlarda faydalanmaq üçün daha bir oyunçu almaq istərdik. Lakin hələlik danışıqlar müsbət yekunlaşmayıb. Buna baxmayaraq, mövcud yerli gənclərin bu cür qarşılaşmalarda təcrübə qazanmasını hədəfləyirik".

Xatırladaq ki, UEFA Gənclər Liqasına ikinci mərhələdən start verəcək "Qarabağ" Xorvatiya təmsilçisi "Dinamo" (Zaqreb) ilə qarşılaşacaq.

Mərhələnin ilk görüşləri oktyabrın 28-də, cavab matçları isə noyabrın 4-də keçiriləcək.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə üz-üzə gələcək.