"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları medalsız qaldılar

 "Böyük Dəbilqə": Azərbaycan cüdoçuları medalsız qaldılar

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda start götürən “Böyük Dəbilqə” turnirində uğursuz iştirak ediblər.

"Mediasport" xəbər verir ki, millimizin hər üç üzvü ilk gündə tatamiyə çıxıb və yarışı medalsız başa vurub.

60 kq-da təmsilçimiz Balabəy Ağayev 1/8 finalda Mendsayxan Nyamsureni (Monqolustan) məğlub etsə də, yarımfinal yolunda yaponiyalı Hayato Kondoya uduzub.

Eyni çəkidə Turan Bayramov startda yerli Sumiyabazar Enxtayvana qalib gəlib, 1/4 finalda tacikistanlı Mehrzod Sufiyevlə bacarmayıb.

Hər iki cüdoçumuz təsəlliverici görüşdə bir-birinə rəqib olublar. Lakin dueldən qalib ayrılan Turan bürünc medal görüşündə İznaur Saayevə (AİN) məğlub olaraq 5-ci yeri tutub.

66 kq-da Elşən Əsədov isə ilk iki rəqibindən güclü olsa da, 1/4 finalda qazaxıstanlı Baurjan Narbayevə məğlub olub. Təsəlliverici görüşdə Jiyuk Yanqa (Cənubi Koreya) da uduzan cüdoçumuz turnirin 7-cisi olub.

Yarış 3 gün davam edəcək.