"Mingəçevir Reqatası-2026"da iştirakçı ölkələrin sayı açıqlandı

 "Mingəçevir Reqatası-2026"da iştirakçı ölkələrin sayı açıqlandı

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Federasiyasının (AWSF) birgə təşkilatçılığı ilə reallaşacaq "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri növbəti dəfə Füzulidə - Köndələn su anbarında start götürəcək.

"Mediasport" xəbər verir ki, 12 ölkənin iştirakı ilə reallaşacaq ənənəvi yarış 29 sentyabr - 1 oktyabr aralığında baş tutacaq.

Sentyabrın 29-da Füzulidə yarışların rəsmi açılış mərasimi, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər baş tutacaq.

Həmçinin Füzuli sakinləri, xüsusən uşaq və yeniyetmələr üçün maraqlı şoular, əyləncəli viktorinalar təşkil olunacaq. Həvəskar kayak qayıqlarında avar çəkmək imkanı yaradılacaq.

Növbəti iki gün reqata Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.

Mingəçevir reqatasında Azərbaycan, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

Xatırladaq ki, 2022-ci ildən etibarən Azərbaycan Su İdmanı Federasiyası ardıcıl olaraq Suqovuşan, Köndələn su anbalarında avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" və "Mingəçevir Reqatası" kimi beynəlxalq yarışlar keçirilir.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə olaraq Sərsəng su anbarında beynəlxalq yarış keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş "Prezident Kuboku-2026" reqatasının ilk günü Sərsəngdə baş tutub.