Jalə yarımfinala çıxdı, Ruzanna uduzdu, Alyonanın "bürünc" şansı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayıb.
Jalə Əliyeva (57 kq) uğurla irəliləyərək yarımfinala yüksəlib. O, final yolunda türkiyəli Elvira Kamaloğlu ilə qarşılaşacaq.
Ruzanna Məmmədova (62 kq) isə təsnifat mərhələsində uduzaraq mübarizəni erkən dayandırıb.
Digər təmsilçimiz Alyona Kolesnik (59 kq) axşam seansında bürünc medal uğrunda qarşılaşmada Aurora Russo (İtaliya) - Mariana Çerdivara (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar 20:00-da başlanacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc mükafat əldə ediblər.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.