İranlı legioner Azərbaycan millisini pula görə seçmədiyini bildirdi

İranlı legioner Azərbaycan millisini pula görə seçmədiyini bildirdi

Azərbaycan pasportu verilən iranlı sərbəst güləşçi Əmir Rza Məsumi seçimi ilə bağlı paylaşım edib.

"Mediasport" xəbər verir ki, 21 yaşlı idmançı sosial şəbəkə hesabında Azərbaycanı pula görə seçmədiyini bildirib.

O, karyerasından yeni dönəmin başlandığını vurğulayıb:

"Artıq Azərbaycan millisinin üzvüyəm və bundan sonra bu ölkənin uğurları üçün çalışacağam. Təəssüf ki, sosial mediada bu keçidin əsas səbəbinin maliyyə məsələləri olduğu iddia edilir. Halbuki bu iddialar reallığa uyğun deyil.

Doğrudur, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım. Lakin Azərbaycanın idmana peşəkar yanaşması, güləşdəki əfsanəvi simalarımızın və dostlarımızın burada olması, eləcə də ilk gündən göstərilən səmimi və isti münasibət qərarımda həlledici rol oynadı.

İnanıram ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət peşəkar karyeramın davamında daha böyük uğurlar qazanmağıma imkan yaradacaq".

Məsumi Azərbaycan adına uğur qazanmaq üçün bacardığını var gücü ilə edəcəyini diqqətə çatdırıb:

"21 yaşımadək İran yığmasının üzvü olmuşam və doğulduğum, böyüdüyüm ölkənin bayrağını qürurla çiyinlərimdə daşımışam. Bu müddət ərzində 17 , 20 və 23 yaşadək dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmışam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərə və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm".

Əmirreza Məsumi bildirib ki, Azərbaycan güləşinin daha da irəli getməsi üçün əlindən gələn hər şeyi edəcək:

"Azərbaycan Güləş Federasiyasına mənə göstərdikləri böyük etimada görə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqına isə səmimi və isti qarşılanmaya görə ürəkdən təşəkkür edirəm. Bu etimada cavab olaraq bütün gücümlə çalışacaq, beynəlxalq arenalarda ölkəm üçün uğur qazanmaq yolunda bütün diqqətimi və səylərimi səfərbər edəcəyəm".