Kəmər güləşçilərimizdən 29 medal

  Kəmər güləşçilərimizdən 29 medal

Tatarıstan Respublikasında kəmər güləşi üzrə koreş (klassik), koreş (çimərlik) və Qırğız kuroşu (sərbəst) növləri üzrə dünya çempionatı, həmçinin belboğlı kuraş (özbək güləşi) üzrə Dünya Kuboku keçirilib.

"Mediasport" xəbər verir ki, dünyanın 32 ölkəsindən 350-dən çox idmançının qatıldığı yarışlarda idmançılarımız müxtəlif çəki dərəcələri üzrə medal uğrunda mübarizə aparıblar.

Azərbaycan idmançıları uğurlu çıxış edərək ümumilikdə 29 medal qazanıblar. Medallardan 4-ü qızıl, 13-ü gümüş, 12-si isə bürüncdür.

Bundan əlavə, Azərbaycan millisi kəmər güləşi üzrə koreş (klassik) növündə komanda hesabında dünya çempionatının gümüş mükafatçısı olub.

İyunun 26-da koreş (klassik) üzrə dünya çempionatında yeniyetmələr arasında Murad Mehtiyev (60 kq), Renat Xeyirov (70 kq) və Emil Abasov (90 kq) gümüş medal qazanıblar.

Böyüklər arasında isə Şirinxan Əsgərli (65 kq), Ariz Hüseynov (70 kq), Xəlil Murzayev (80 kq) və Nizami Qafarov (130 kq) gümüş, Nuhan Müzəffərov (60 kq), Əmrah İsmayılov (90 kq) və Abdullah Şərif (100 kq) bürünc medala sahib olublar.

Koreş (çimərlik) üzrə dünya çempionatında Elnur Abdullayev (60 kq) qızıl, Xəyyam Abdullayev (80 kq) gümüş, Sadıq Ağamalıyev (130 kq) isə bürünc medal qazanıb.

İyunun 27-də Qırğız kuroşu (sərbəst) üzrə dünya çempionatında böyüklər arasında Ariz Hüseynov (72 kq) qızıl, Xəyyam Abdullayev (78 kq) və Əmrah İsmayılov (90 kq) gümüş, Nuhan Müzəffərov (60 kq), Şirinxan Əsgərli (66 kq) və Abdullah Şərif (96 kq) isə bürünc medal əldə ediblər.

Yeniyetmələr arasında Emil Abasov (+80 kq) qızıl, Renat Xeyirov (70 kq) isə bürünc medal qazanıb.