Klub rəhbərliyi oruc tutan futbolçuları cərimələdi - ŞOK!

"Haypers Quba" II Liqada mövsümün ikinci yarısına pis başladı.
"Mediasport" xəbər verir ki, "Şəmkir"i qəbul edən Quba komandası doğma publikanı məyus elədi.
Vidadi Cəfərovun dubluna mane ola bilməyən ev sahibləri 90 dəqiqəni 1:2 hesablı məğlubiyyətlə başa vurdu.
I Liqaya vəsiqə qazanmaq iddiasında olan kollektivin bu yenilgidən mənfi mənada hədsiz təsirləndiyini söyləməliyik.
Klub rəhbərliyi azarkeşlərin "kefinə soğan doğrayan" futbolçuları cəzalandırıb. Necə?
Martın 1-də, yəni Ramazan ayının ilk günü meydana çıxanların hamısı cəriməyə məruz qalıb.
Oyunçuların bir qismi orucunu pozmadan yaşıl sahəyə ayaq basdıqları üçün rəhbərliyin qəzəbinə tuş gəlibsə, digərləri bu halı bilib idarəçilərə məlumat vermədiyindən cərimələnib.
Məlum olub ki, demə, yönətim Ramazan vaxtı keçirilən oyun günlərində oruc tutmamaları üçün kollektiv üzvlərinə öncədən xəbərdarlıq edib.
Qısacası, futbolçular bu qərara sözlü şəkildə etiraz bildirməsələr də, tapşırığa əməl etməyiblər - göstərişi qulaqardına vurublar.
Burada bir məqama da diqqət yetirmək lazımdır - hazırda "Şəmkir"i çalışdıran Vüqar Nadirovun baş məşqçi kimi ilk iş yeri "Haypers Quba" olub.
Şimal təmsilçisinə Region Liqasının gümüş medallarını qazandıran, daha sonra pley-off oyunlarında "Şəfa"ya qalib gələrək komandanı II Liqaya yüksəldən gənc mütəxəssis ötən ilin noyabrında buradan ayrılıb.
Özü də deyə-gülə yox, ciddi narazılıq və qalmaqalla.
Odur ki, bu matç həm onun, həm də "Haypers Quba"nın rəhbərliyindən ötrü ikiqat prinsipiallıq daşıyırdı (Sportinfo.az).