"Mən burada heç bir müsbət məqam görmürəm, bu, böyük problemdir" - Qurban Qurbanov
"Pis oyun alınmadı. Bu görüşdə bütün futbolçulardan istifadə edə bilmədik. İstərdik bütün futbolçularımız bizimlə olsun. Hər bir halda bu gün komandaya lazım olan "yükləmə"ni verə bildik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis "Zirə" ilə yoxlama matçından sonra fikirlərini bölüşüb:
"Maraqlı qarşılaşma alındı. Matçın 50-60 dəqiqəsi temp baxımından rəsmi oyunlardan heç nə ilə fərqlənmirdi”.
Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. Onun vəziyyəti barədə məlumat var?
- O, sabah kluba qayıdacaq. Sabah günün ikinci yarısında tibbi müayinədən sonra vəziyyətini dəqiq biləcəyik.
Çempionatda yaranan belə uzun fasilə komandaya necə təsir edəcək?
- Mən burada heç bir müsbət məqam görmürəm. Heyətdə az futbolçu var, normal hazırlaşa bilmirik. Milli komandalara yollanan futbolçular dörd oyun keçirirlər ki, bu da qısa müddət üçün çoxdur. Bu, təkcə bizə deyil, digər komandalara da təsir edir. Bu, böyük problemdir. Sefas artıq dörd gündür geri qayıda bilmir. O, yenicə formasını bərpa etməyə başlamışdı. Milli komandalarına yollanan digər futbolçulara da yenidən uyğunlaşmaq üçün daha çox vaxt lazım olacaq.
Marko Yankoviç Monteneqro millisinin heyətində Ermənistanla səfər oyununda 90 dəqiqə meydanda oldu, matçın ən yaxşısı seçildi. Sanki illər boyu "Qarabağ"da elə güclü təbliğat aparılıb ki, Yankoviç İrəvanda meydana azərbaycanlı kimi çıxmışdı...
- Yankoviçə təşəkkür edirəm. Təkcə Yankoviç yox, ümumiyyətlə bura gələn istənilən futbolçu bilir ki, Qarabağ nə deməkdir bizimçün. Əlbəttə, hamı əvvəlcə öz ölkəsinə hörmətlə yanaşmalıdır. Bu, istənilən bir ölkənin başına gələ bilər.
Lixtenşteynlə oyunda (0:0) belə nəticə gözləyirdinizmi və sabah Litva ilə keçiriləcək görüşdən nə gözləyirsiniz?
- Bu gün futbol elə səviyyədədir ki, artıq zəif komanda yoxdur. Hamı inkişaf edir. Futbolçuların və məşqçilərin beynəlxalq təcrübəsi artıb. Heç kim asan qələbə qazanmır. Əlbəttə, daha artığını görmək istərdik, amma irəli baxmaq lazımdır. Qarşıda daha iki oyun var və maksimum nəticə əldə etməyə çalışmaq lazımdır. Neqativ fikirlərdən uzaqlaşıb meydana çıxmaq vacibdir. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik və mənfi düşüncələr geridə qalacaq.

