"Uduzmaqdan qorxurduq, hər kəsin içində narahatlıq var idi"
"San Marino reytinqdə bizdən aşağıda olsa belə, yaxşı futbol sərgilədi. Şükürlər olsun ki, qələbə qazandıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının üzvü Rəhman Daşdəmirov deyib.
O, San Marino ilə baş tutan yoldaşlıq görüşündən sonra (2:1) oyunla bağlı təəssüratlarını bölüşüb:
"Qarşılaşma başlayandan etibarən uduzmaqdan qorxurduq. Xüsusilə də Malta ilə matçdan sonra hər kəsin içində narahatlıq var idi.
Təlim-məşq toplanışı da ağır keçmişdi. Buna baxmayaraq, qələbə qazandıq.
Məncə, bərabərlik qolunu mən vurdum. Həmin epizod ayrıca incələnməlidir. İlk hissədə daha bir qol vurmaq şansım var idi.
Millətlər Liqası üçün daha yaxşı hazırlaşacağıq və daha yaxşı nəticə göstərəcəyik. Sadəcə, buna inanmaq lazımdır".
Xatırladaq ki, Azərbaycan millisi Avstriyada keçirdiyi ilk yoxlama matçında Maltaya 0:2 hesabı ilə uduzub.


