"Mümkün qədər üst sıralara qalxmalıyıq" - Yeni baş məşqçi
“Azərbaycanda ilk dəfə işləmirəm. Burada əvvəllər də işlədiyimə görə mentaliteti bilirəm, futbolçuların bir qismini tanıyıram. Bakıda kifayət qədər dostlarım da var".
"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov deyib.
Azərbaycan çempionatının izlədiyini bildirən məşqçi daha əvvəl ölkəmizdəki fəaliyyətini xatırlayıb:
"Premyer Liqanın maraqlı keçdiyini deyə bilərəm. Bunun nəticəsidir ki, Azərbaycanın UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsilçisi var".
"Araz-Naxçıvan"ın "İmişli" ilə oyunu istisna olmaqla qalan matçlarını izləmişəm.
Komanda, heyətlə bağlı ümumi məlumatım var. Harada axsadığımızı, harada üstünlük qazana biləcəyimizi bilirəm.
İşləmək lazımdır. Sabah kollektivlə ilk məşqə çıxacağıq. Bilirəm ki, 4 futbolçumuz milli komandaların düşərgəsinə yollandığına görə bizə sonra qoşulacaqlar".
Yuri Maksimov əsas məqsədini açıqlayıb:
"İndiki məqamda ilk tapşırığımız turnir cədvəlinin sonuncu pilləsindən üst sıralara yüksəlməkdir. Komanda özünə inanmalıdır.
Mümkün qədər üst sıralara qalxmalıyıq. İndi bizim üçün çox həssas məqamdır. Yenə deyirəm, asan olmayacaq. Çünki çempionat çox rəqabətli keçir, komandalar güclüdürlər və hər birinin müəyyən məqsədi var".
Qeyd edək ki, "Araz-Naxçıvan" Yuri Maksimovla 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

