"Neftçi"nin rəsmisi AFFA-nın yaydığı bəyanata CAVAB VERDİ
“Klub adından deməliyəm ki, AFFA-nın bəyanatı gözlənilməz oldu. Çünki indiyə qədər qurumun fəaliyyəti ilə bağlı hansısa sözümüz olmayıb".
"Mediasport" xəbər verir ki, bu fikirləri "Neftçi"nin Media və marketinq direktoru Rüstəm Əfsərli səsləndirib.
Paytaxt təmsilçisinin rəsmisi AFFA-nın onların etirazından sonra bəyanat paylaşmasına münasibət bildirib.
O qeyd edib ki, "Neftçi"nin yaydığı bəyanatda suallar yalnız bəzi hakim qərarları ilə bağlı olub:
"Görülən işlərdən daim məmnun olmuşuq. Bu məsələlərdən iradımız olmayıb. Suallarımız hakim qərarları ilə bağlıdır. Yanlış qərarlardan ən çox əziyyət çəkən komanda bizik. Bununla bağlı suallarımız var idi.
Diqqət etsəniz, mövsüm ərzində hakimlər komitəsində bizim matçda lehimizə bir yanlış qərar olduğu deyilməyib. Amma əleyhimizə olan yanlış qərarlar təsdiqlənib.
Suallarımız bunlardan ibarət idi. AFFA Hakimlər Komitəsinə dəvətə görə təşəkkür edirik. “Şamaxı” ilə oyunda penaltinin doğru olduğu açıqlanandan sonra görüşə ehtiyac qalmadı. Hakimlərlə bağlı suallar var, federasiya ilə bağlı yox.
Bir məqamı bildirmək istərdik, bəyanatda bir neçə xoşagəlməz, qəbulolunmaz ifadələr var idi. İctimai fikirlərin manipulyasiyası, oyun qaydaların yozulmasında şəxsi maraqlar və s. bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz.
Bizim tariximiz göz önündədir. Ümid edirəm ki, növbəti dəfə diqqət edilər və belə ifadələrdən qaçılar.
Bir daha qeyd edirəm, qurumla bağlı narazılığımız yoxdur və ölkənin köklü klubu olaraq AFFA-nın qərarlarına, islahatlarına dəstək olduğumuzu bildirmək istəyirəm”.
