Olimpiya, dünya və Avropa çempionu yenidən Bakıya gəldi

Olimpiya, dünya və Avropa çempionu yenidən Bakıya gəldi

Fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Pluşenko növbəti dəfə Bakıya səfər edib.

"Mediasport" xəbər verir ki, mütəxəssis Bakıda keçirilən fiqurlu konkisürmə üzrə təlim-məşq toplanışına qatılıb.

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Arenasında təşkil edilən təlim-məşq toplanışı aprelin 24-dən 28-dək baş tutub.

Qonaq Azərbaycanda fəaliyyət göstərən “Ocaq” və “Tamis” fiqurlu konkisürmə idman klubları üçün də master-klas keçib.

Olimpiya çempionu bu gün keçirilən məşqlərdən sonra ölkəmizdə fiqurlu konkisürmənin inkişafı ilə bağlı fikirlərini bölüşüb:

"Mən Azərbaycan komandasının bir hissəsi olmağıma çox şadam. Qış İdman Növləri Federasiyası məni idmançılara, fiqurlu konkisürmə idman növü üzrə yığma komandaya kömək etmək üçün dəvət edib.

Artıq bir həftədir ki, buradayıq. Uşaqlarla və Azərbaycan yığma komandası ilə çalışırıq. Düşünürəm ki, yaxşı komanda formalaşacaq və mərhələli şəkildə yaxşı nəticələr olacaq.

Çox şadam ki, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən burada hər şey yüksək səviyyədə təşkil olunub".

Qeyd edək ki, hazırda ölkəmizdə qış idman növlərinin inkişafı istiqamətində atılan addımlar sayəsində bu idman növlərinə maraq artmaqdadır.