"Ötən illə müqayisə etsək, vəziyyət kifayət qədər qənaətbəxşdir"
"Mediasport" Peşəkar Futbol Liqasının texniki direktoru Elgiz Abbasovun Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatmasından sonra verdiyi müsahibəni təqdim edir:
15 yaşadək futbolçular arasında Azərbaycanda keçiriləcək dünya çempionatı Premyer Liqanın gedişinə mane olmayacaq?
- Yarışların təqvimi hazırlanarkən rəsmi müraciət əsasında bizə daxil olmuş bütün məqamlara baxılıb. Milli fasilələri nəzərə almışıq. Klublar bununla bağlı məlumatlandırılıb. Premyer Liqanın tam təqvimi növbəti həftə açıqlanacaq.
Bütün klubların ev oyunlarını keçirəcəyi stadionlar dəqiqləşib?
- Klublar çempionatda iştirak etmək üçün lisenziyalaşdırmadan keçirlər. PFL mövsümün başlamasına bir ay qalmış klublardan stadionların siyahısını istəyir. Ötən illə müqayisə etsək, vəziyyət kifayət qədər qənaətbəxşdir. Ötən mövsüm 4 klubun stadion problemini müzakirə edirdiksə, bu il vəziyyət bir az normallaşıb. Debütant "Şəfa" Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"dan istifadə edəcək. "İmişli" rəqiblərini Yevlax şəhər stadionunda qəbul edəcək. Stadionun qazonu FIFA-nın sertfikatına malikdir. Hər iki stadiona əlavə baxış keçiriləcək. Buna uyğun müvafiq addımlar atılacaq. Hazırda stadion məsələsində problem yaşayan yeganə klub "Araz-Naxçıvan"dır. Klubla daimi əlaqədəyik. Onlar müxtəlif variantların üzərində çalışırlar. Bununla bağlı qısa zamanda açıqlamamız olacaq.
Ötən mövsüm Premyer Liqa oyunlarının yayımı zamanı qrafiklərdən istifadə olunurdu. Bu, növbəti mövsüm üçün də nəzərdə tutulub?
- Çox istəyirik. Bununla bağlı planlarımız var. Ötən mövsüm bunu test layihə kimi tətbiq etdik. Hazırda bunun üzərində işləyirik. PFL kollektivi növbəti mövsümün daha yaxşı olması üçün bütün addımları atır. Təbii ki, biz tək deyilik, AFFA ilə, klublarla sıx əlaqədəyik.
"Araz-Naxçıvan"ın ev oyunlarını keçirməsi üçün hansı variantlar var?
- Naxçıvan şəhər stadionu və "Liv Bona Dea Arena" ilə bağlı bizə klub tərəfindən müraciət gəlməyib.
Çempionatın sponsoru ilə bağlı danışıqlarda vəziyyət necədir?
- Bizim "Misli" ilə uzunmüddətli və dayanıqlı tərəfdaşlığımız var. Bu tərəfdaşlıq nəticəsində idmanda sponsor mələləsinin populyarlaşması, medianın işinin rahatlaşması, öz əməkdaşlarımızın inkişafının təşviqi ilə bağlı addımlar atmışıq. "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələdə müsbət nəticə əldə olunacaq.
"Araz-Naxçıvan"ın "Liv Bona Dea Arena"da oynaya bilməməsinin səbəbi nədir?
- "Araz-Naxçıvan"dan bizə bu arena üçün rəsmi müraciət daxil olmayıb. Ona görə də bu mövzuda ətraflı danışa bilməyəcəm. Bildiyim qədərilə onların müqaviləsi başa çatıb. Hansısa klublan bu stadionla bağlı müraciət gəlsə, ora baxış keçirəcəyik. Hazırda stadionun ot örtüyü yenilənir. Ona görə də çempionat matçlarından öncə arenanın təftişi mütləqdir.
"Sabah" "Liv Bona Dea Arena"nı öz stadionu kimi göstərib?
- Bəli, "Sabah" "Liv Bona Dea Arena"nı ehtiyat stadionu kimi PFL-ə təqdim edib.
İki ildir PFL "fair-play" mükafatı təqbiq edib. Belə bir hadisə baş vermədiyi üçün mükafat heç kimə təqdim olunmayıb. Bu, sizi narahat etmir?
- Mükafat hələ də öz aktuallığını qoruyur, ləğv olunmayıb. Bu istiqamətdə təkcə Premyer Liqanı yox, bütün liqaları izləyirik. Əgər həqiqətən də mükafata layiq bir addım atılsa, biz mükafatı təqdim edəcəyik.
PFL-də prezident seçkiləri olacaq. Bununla bağlı nə deyə bilərsiniz?
- PFL-in fəaliyyətini dəyərləndirərkən yalnız son 1 ilə nəzər salmamalıyıq. PFL 2022-ci ildə yeni heyətdə fəaliyyətə başladı. Çalışdıq ki, bütün qərarların icrasını maksimum şəkildə həyata keçirək. AFFA ilə çox uğurlu əməkdaşlıqlarımız oldu. AFFA-nın verdiyi bütün qərarların icrasını həyata keçirdik. Bildiyiniz kimi, PFL seçkili icra orqanıdır. 22 iyul tarixində hazırkı icra orqanının səlahiyyət müddəti bitir. PFL-in ümumi yığıncağı yaxın günlərdə baş tutacaq. Bundan sonra seçki ilə bağlı məlumatlar veriləcək.


