"Sabah"la oyunda meydana yalnız qələbə üçün çıxacağıq" - SAVO
"Qarşılaşma maraqlı alındı, komanda olaraq yaxşı oyun keçirdik. Doğrudur, üç qol buraxdıq, belə olmasını istəməzdik. Lakin əvəzini də çıxa bildik. Fikrimcə, yaxşı nəticədir".
Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Zakaria Savo deyib.
İsveçli hücumçu Azərbaycan Premyer Liqasının "Neftçi" ilə 8-ci tur görüşü haqda danışıb.
26 yaşlı forvard bildirib ki, 3:3 hesabı ilə yekunlaşan "Azərbaycan derbisi"ndə hesabda geri olmalarına baxmayaraq, nəticəni dəyişəcəklərinə sonadək inanırdılar:
“Azarkeşlərimizə təşəkkür edirəm, əla ab-hava yaratmışdılar. Bizə əlavə motivasiya, güc verirlər.
Hesaba gəlincə, əlbəttə, çox inanırdıq. Məqsədimiz qələbə qazanmaq idi. Ancaq "Neftçi" kimi güclü rəqiblə matçda geridönüş edərək 1 xal əldə etməyimizi də yaxşı nəticə sayıram.
Qarşıda "Sabah"la oyunumuz var, meydana yalnız 3 xal üçün çıxacağıq. Məqsədimiz çempion olmaqdır. Ona görə xüsusilə əsas rəqiblərimizi məğlub etməliyik".

