Premyer Liqa klubunda maaş və mükafatlar ödənilmir? - AÇIQLAMA

Premyer Liqada işləri qaydasınd agetməyən "Karvan-Yevlax" bəyanat yayıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi maliyyə problemlərinin olmadığını açıqlayıb.
Bəyanatı təqdim edirik:
"Premyer Liqanın VI turunun “Neftçi” ilə oyununun hazırlığı davam edir. Oyunçular gün ərzində iki dəfə təşkil olunan məşq prosesində məşqçilərin verdiyi tapşırıqları yüksək səylə yerinə yetirirlər. Hazırlıq prosesi “Karvan-Yevlax”ın məşq bazasında baş tutur.
Komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur. Klub üzvlərinin əmək haqqları ştat cədvəlinə uyğun olaraq sentyabrın 3-də rəhbərlik tərəfindən tam şəkildə ödənilib.
Bununla yanaşı, “Qəbələ” ilə heç heçə və “Kəpəz” üzərində qazanılan qələbəyə görə rəhbərlik tərəfindən futbolçular, məşqçilər və inzibati heyətə mükafatlar da verilib.
Azarkeşləri və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq.
Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar mütəmadi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanır".
Xatırladaq ki, Yevlax təmsilçisi liqada 5 turdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.