Yılmaz Vural: "Bütün komandalar "Qarabağ"dan çəkinir" - MÜSAHİBƏ
"Qarabağ" Azərbaycanın göz bəbəyidir. O bundan sonra yalnız yüksək hədəflər uğrunda mübarizə aparmalıdır".
"Mediasport" xəbər verir ki, bunu türkiyəli məşqçi Yılmaz Vural deyib.
Mütəxəssis "Azərtac"a müsahibəsində "Qarabağ"ın Azərbaycanı dünyada layiqincə təmsil etdiyini bildirib.
"Qarabağ" uzun illərdir Azərbaycanı Avropada uğurlu şəkildə təmsil edir. Ağdam klubu haqqında fikirləriniz maraqlıdır.
- "Qarabağ"ın Avropada qazandığı nəticələr ölkə futbolu üçün önəmlidir. Bu komandanı yaxından izləyirəm. Azərbaycan futbolda inkişaf etmək üçün bütün imkanlardan istifadə edir. Türkiyədə "Qalatasaray" və "Fənərbağça", Azərbaycanda isə Qurban Qurbanovun yetirmələri ölkə futbolunu irəli səviyyəyə çatdırmaq üçün çalışırlar. "Qarabağ" Azərbaycanın göz bəbəyidir. O bundan sonra yalnız yüksək hədəflər uğrunda mübarizə aparmalıdır. Futbol təkcə idman deyil, həm də sosial həyatdır. Uğurlar gəldikcə xalqın fikirləri dəyişir. Bunu sizin təmsilçiniz çox yaxşı bacara bilib.
Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə İtaliyanın "Napoli" klubu ilə qarşılaşacaq. Şansları necə qiymətləndirirsiniz?
- Futbolda düzgün qaydalarla və qorxmadan oynasan, istənilən rəqibi məğlub edə bilərsən. "Qarabağ" buna nümunə olacaq komandalardan biridir. Əvvəllər böyük klublar düşünürdülər ki, "Qarabağ"dır, onları rahat məğlub edəcəyik. Lakin indi hər kəs sizin komandanızdan çəkinir. Çox uzağa getməyək, "Çelsi" ilə matçdakı nəticə kifayət edir.
"Qarabağ"ın heyətində bəyəndiyiniz futbolçular var?
- Ayrı-ayrılıqda hansısa oyunçunu fərqləndirmək istəmirəm. Çünki "Qarabağ" komanda olaraq möhtəşəm oynayır. Kollektivdə güclü birlik hiss olunur. Bunun sayəsində uğurlu nəticələr qazanılır.
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bir neçə gün sonra Bakıda İslandiya və Fransa ilə qarşılaşacaq. Yığmamız bu görüşlərdə hansı nəticəyə ümid edə bilər?
- "Qarabağ"ın Avropadakı uğuru milli komandaya da təsir edir. Çünki onun əsas heyətində oynayan yerli futbolçular yığmanın da şərəfini qoruyurlar. İslandiya seçməsi məğlub edilməyəcək komanda deyil. Onlardan Bakıda üç xal almaq olar.
Vaxtilə adınız "Xəzər Lənkəran" və "Neftçi" ilə hallanırdı. Niyə Azərbaycanda işləməyiniz alınmadı?
- Bəli, müəyyən fikirlər olmuşdu, lakin maaş və digər məsələlərə görə ortaq məxrəcə gələ bilmədik.
