“Qarabağ” həmişə fərqli missiya daşıyıb, bu ad bizi..." - Tahir Gözəl

“Qarabağ” həmişə fərqli missiya daşıyıb, bu ad bizi..." - Tahir Gözəl

Yenidən Azərbaycan çempionu olan “Qarabağ” FK-nın rəhbərliyi hər il ənənəvi olan idman jurnalistləri ilə növbəti görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, mövsümün yekunlarına həsr olunan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Ardınca Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin və bir müddət əvvəl vəfat edən Ağdam klubunun mərhum fəxri prezidenti Abdulbari Gözəlin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə "Qarabağ"ın prezidenti Tahir Gözöl çıxış edib. O, Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Daha sonra jurnalistləri qarşıdan gələn Milli Mətbuatın 150 illiyi münasibətilə təbrik edən Tahir Gözəl onlara uğurlar arzulayıb.

2024/25 mövsümünü dəyərləndirən klubun prezidenti başa çatmaqda olan mövsümü uğurlu hesab edib:

“Avropada uğurlarını davam etdirən komandamız bu mövsümdə də azarkeşlərini sevindirib. Çempionlar Liqasında pley-offa qədər irəliləyən komanda Avropa Liqasının əsas mərhələsində mübarizə aparıb.

Ardıcıl 11-ci dəfə qitəmiqyaslı turnirlərdə əsas mərhələyə yüksəlməklə Qarabağ adını layiqincə təmsil etməyə, ucaltmağa çalışıb.

“Qarabağ” həmişə fərqli missiya daşıyıb. Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib”.

Premyer Liqada ardıcıl 4-cü, ümumilikdə 12-ci çempionluğun qazanılmasından danışan Tahir Gözəl komandanı qarşıda Azərbaycan Kubokunun final oyununu gözlədiyini vurğulayıb. O, yeni avrokubok mövsümündə də həmişəki kimi komandaya inandığını bildirib.

Tədbirdə iştirak edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da çıxış edib. Təcrübəli mütəxəssis mövsümboyu çempionat və kubok görüşlərini işıqlandıran jurnalistlərə təşəkkür edib. O, çempionatda rəqabətdən, qarşıdakı hədəflərdən danışıb.

Tahir Gözəl və Qurban Qurbanov jurnalistlərin həm ötən mövsüm, həm qarşıdakı planları barədə suallarını cavablandırıblar.

Sonda xatirə şəkli çəkdirilib.