Tahir Gözəl transferlər haqda: "Bizdən asılı olan hər şeyi edirik"

Tahir Gözəl transferlər haqda: "Bizdən asılı olan hər şeyi edirik"

“Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən start verd".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri mətbuat xidmətinə açıqlamasında komandanın 2025/2026 mövsümünə startından danışıb, gələcək gözləntilərindən söz açıb:

"İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir".

O, baş məşqçi Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə məsuliyyətlə hazırladığını bildirib:

"Komandanın qələbə əzminə inamım sonsuzdur. Cavab oyununa da ciddi hazırlaşırlar. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlər önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağı istəyirəm.

Azarkeşləri bu qarşılaşmanı stadiondan izləməyə, komandanı dəstəkləməyə çağırıram. Komanda onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik".

Tahir Gözəl "Qarabağ"ın hədəfləri haqda bunları qeyd edib:

"Hər mövsümdə olduğu kimi, hədəflərimiz böyükdür. “Şelburn” hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komanda cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək”.

Klub rəhbəri yeni transferlər haqda da düşüncələrini bölüşüb:

"Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram.

Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik.

Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətii onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq.

Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.

Qeyd edək ki, “Qarabağ” - “Şelbörn” matçı iyulun 30-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

"Köhlən atlar" ilk matçda 3:0 hesablı qələbə qazanıblar.