"9 oyunun hamısı finala bərabər olacaq, bacaracağımıza inanıram"

“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm".
"Mediasport" xəbər verir ki, bu fikirləri “Səbail”in yeni baş məşqçisi Elvin Məmmədov deyib.
Gənc mütəxəssis mövsümün sonunadək icra edəcəyi yeni vəzifəsi haqda danışıb:
"İnamım böyükdür, bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil.
Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq.
Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.
Qeyd edək ki, 37 yaşlı Məmmədov dünən istefaya göndərilmiş Cavid Hüseynovun köməkçisi olub.