"Məncə, problemlər, mübahisəli vəziyyətlər daha çox olacaq"
"Düşünürəm ki, yaxşı hazırlaşmışıq. Fərqli rəqibdir, fərqli üslubları var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis sabah UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Bolqarıstan) ilə Bakıda keçiriləcək oyunundan öncə baş tutan mətbuat konfransında düşüncələrini bölüşüb.
Q.Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Artıq iki oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?
- Tam deməzdim, amma yaxşılığa doğru gedir. Çox istərdim ki, istədiyimizi 90 dəqiqə meydanda edə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Düşündüyümüz kombinasiyaları davamlı yerinə yetirə bilmirik. Getdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə tez-tez meydanda nələrisə dəyişməli oluruq. Hər bir halda, ümumi olaraq, işlər yaxşılığa doğru gedir.
ÇSKA ilə oyun "Qarabağ"ın indiki gücünü göstərəcək?
- Komandanın oyununu stabilləşdirmək, yaxşılaşdırmaq elə də asan deyil. Çünki hazırlıq planında bəzən çatışmazlıqlar olur. Futbolçular eyni səviyyədə görünmür. Həm də yayda isti havanı nəzərə alsaq, dinamikanın aşağı düşməsi normaldır. İllərdir bunu yaşayırıq və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik oldu, bunun hansısa təsiri ola bilər. Tam formaya düşəcəyimiz vaxtı demək olmur. Əminəm ki, getdikcə daha yaxşı olacağıq.
Heyətlə bağlı problemlər var? Dani Bolt nə üçün sifariş ərizəsində yoxdur?
- Bolt məsələsində ciddi nüans yoxdur. Sadəcə, müəyyən limit var. Avropa oyunlarında tez-tez belə dəyişikliklər ola bilər. Eyni hal çempionat oyunlarında da yaşana bilər.
Montiel nə üçün əvəzedici komandaya göndərilib?
- Montiel əsas komandadadır.
PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, sarı vərəqə və künc zərbələrinə görə də sistemə müraciət edilə bilər. Sizin bu qərara münasibətiniz necədir?
- Komandada nə qədər çox futbolçu olursa, problem də çoxalır. Hakimliklə bağlı da nə qədər detallar əlavə edilsə, bir o qədər narazılıq artacaq. VAR gələndən referilərdən şikayətlər çoxalıb. Hər xırda detal özlüyündə əlavə problem gətirir. Məncə, problemlər, mübahisəli vəziyyətlər daha çox olacaq.
ÇSKA iki gün əvvəl liqada oyuna çıxıb. Bu, sizin lehinizədir?
- Bu suala cavab vermək çətindir. Düzü, mən də istərdim, arada bir oyun keçirək, futbolçuların praktikası artsın. İndiki məqamda oyun sayı nə qədər çox olarsa, faydası da o qədər artar.
Transferlərlə bağlı yenilik var?
- Dəqiq bir şey yoxdur. İşimiz davam edir. Yeni transfer üçün çalışırıq, alınsa edəcəyik.


