"Bunları özümüzə problem hesab etməli deyilik" - Qurban Qurbanov

"Bunları özümüzə problem hesab etməli deyilik" - Qurban Qurbanov

“Çoxdandır belə komandalara qarşı oynamırıq. Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır.

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis mətbuat xidmətinə açıqlamasında UEFA Çempionlar Liqasının püşkünü dəyərləndirib. O, İrlandiya futbolunun inkişafda olduğunu qeyd edib:

"İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq.

Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır.

Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır.

Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.