Rəşad Sadıqovun növbəti fiaskosu - pozitiv enerjinin hesabı
Premyer Liqanın 4-cü turunda "Sabah"a 0:5 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında qəribə açıqlamaları ilə diqqət çəkib.
Son 1 ayda ikinci dəfə fiasko yaşayan mütəxəssis texniki zonada nə düşünübsə, darmadağında pozitiv çalarlar müşahidə edib.
Konfrans Liqasında dünyanın futbol xəritəsində olmayan Estoniyanın "Payde" klubu ilə bacara bilməyən "qartallar"ın çalışdırıcısı "bayquşlar"la dueldən sonra qeyri-adekvat, səmimiyyətə yaxın olmayan fikirlər səsləndirib. Sitat:
Futbolçuların göstərdiyi oyundan ümumən narazı deyiləm. Qol epizodları eyni səviyyədə idi. Onlar 6 qol epizodu yaratdılar, 5-dən istifadə etdilər. Bizdə 4-5 yaxşı qol epizodu oldu, istifadə edə bilmirdik. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışdan, mübarizədən narazı qalmadım. İkinci və üçüncü qolu çox sadə buraxdıq, özümüz də xeyli qol epizodu qaçırdıq. "Sabah"ın gücü isə hamıya bəllidir. Buna baxmayaraq, futbolçularım meydanda yaxşı oynadılar. Hesab 5:0 olsa da, mən bu oyundan pozitiv enerji ilə ayrılıram (sportal.az)".
Çox gülməlidir, deyilmi? Üstəlik açıqlamada zərrə səmimiyyət sezilmir.
5 cavabsız top buraxan iddialı komandanın baş məşqçisinin açıqlaması hətta deyərdik ki, çox qeyri-peşəkar yanaşmadır, özünütənqiddən tam qaçmaq, məsuliyyəti azdırmaqdır.
Sənin komandan "Barselona"ya qarşı oynamırdı, rəqib PSJ də deyildi, "Sabah"la qarşılaşırdın, "Sabah"la...
Ya da Rəşad Sadıqov görüşdən o qədər "pozitiv" ayrılıb ki, tablodakı hesabı unudub.
Eybi yox, AFFA və PFL-dən xahiş edərik, bundan sonra stadiondakı tabloları ləğv edərlər, Sadıqov da böyük hesablarla uduzduğu oyunlardan sonra energetik nağıllar danışıb çalışdığı sahədə özünü inkişaf etdirmədiyini, sabit nəticələr üçün müasir metodikadan heç nə götürə bilmədiyini büruzə verməz.
Mediasport.com.az

