"Sizin bu sualınıza cavab versəm, digərləri məndən inciyərlər"

"Sizin bu sualınıza cavab versəm, digərləri məndən inciyərlər"

"Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. "Qarabağ"la keçirdiyimiz maraqlı oyunlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər çox emosional oyun izlədik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qarabağ"la matçından sonra (1:1) fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Oyunun gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bu gün burada 1:1 hesablı heç-heçə alındı. Bizim üçün yaxşı nəticədir. "Qarabağ"dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna keçid etməliyik".

Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb...

- Elə məsələdir ki, hər zaman namizəd olanda, ehtimal olanda ki, məşqçi seçimi olacaq, 2-3 nəfərin hamısına bu suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacam. Xahiş edirəm, bu barədə sual verməyin.

"Qarabağ" yoldaşlıq görüşündə 0:4 hesabı ilə uduzmuşduz. Kadi eyni cür qol vurmuşdu...

- Kadi usta futbolçudur. Standart vəziyyət varsa, təhlükədir. Rəqibin standartları təhlükəlidir. Canlı səddə iki nəfər qoya bilmədik. Çünki hamı birəbir oynayırdı. O da yaxşı zərbə endirdi. Ağıllı qol alındı. Həmin dəqiqələrdə oyundan çox qol vəziyyəti vermişdik. "Qarabağ" dinamik futbol oynayırdı. Futbolçular çox güc sərf edirdi.

Demək olar ki, əsas penalti vuran artıq Ruan Renatodur, Qismət yox?

- Hələlik belə qərar qəbul etmişik. Məndə belə fikir var ki, 3 dəfə vura bilməyəndən sonra ara vermək lazımdır. Qismət penalti vuranlarımızdan biridir. Hər an o da vura bilər. Sadəcə, Qismətə ara verdim. Beş ildə cəmi 3 penalti qaçırıb. 

Santuş gələndə millinin qarşısına hədəf qoyulmuşdu ki, AVRO-2028-ə vəsiqə qazansın. Millidə potensial görürsüz?

- İki əməkdaşa cavab verməmişəm. Sizin sualınıza cavab versəm, digərləri inciyərlər. 

"Qarabağ" "Sumqayıt"a uduzdu, sizinlə matçda da xal itirdi. Bunu çempionluq üçün şans kimi dəyərləndirirsiz?

- 4-cü turdur. Tək "Qarabağ" yox, "Sabah", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz"u nəzərə alsaq, hər bir komanda çempion olmaq istəyər. Reallıqlar var ki, ilk növbədə avrokuboklara düşməyi düşünməyiblər. Bu il liqa daha rəqabətlidir. O haqda danışmaq çox tez, yersizdir. Hamı çempion olmaq istəyər. "Sumqayıt" bu mövsüm necə oyun göstərir. Çempionatda rahatlıqla avrokuboklardan kənarda qala bilərsən. Bütün fikrimizi avrokuboklara vermişik. 

Transferlər olacaq?

- Çox yaxşı futbolçu qarşımıza çıxsa, transfer etməyə çalışacağıq. Bu periodda bəzi oyunçular transferin son dönəminə qədər gözləyir. Elə variant olsa, yenə də transfer etmək istəyərik. Amma futbolçu transferində ilin əvvəlində sol cinahda Fuad Bayrmov və Rövlan Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Təcili sol cinah transfer etdik. 

Hər legionerə görə 200 min manat rüsum ödəməlisiz. Nə qədər futbolçu götürə bilərsiz?

- Limit 17-dir. Komandalarımız çox yaxşı transferlər etdi. Bu, bizi futbol adamı kimi sevindirir. Amma rəqib olaraq bizi qayğılandırır. Planımızda 12 legioner idi. 

Süni örtüklü meydançalara qarşısız. "İmişli" Qubada oynayacaq...Ora təbii örtüklüdür...Bu sizi sevindirir?

- Təbii olaraq bizi çox sevindirir. Komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi ki, bütün oyunlar rəqabətli keçir. I Liqadan gələnlər də yaxşı komandalar formalaşdırdı. Yeganə məqam infrasturktur qalıb. Qısa müddətdə o da həllini tapar. Liqamız necə maraqlı başlayıb, elə də davam edər.