"Şamaxı"nın məşqçisi meydana girib rəqib futbolçuları döydü - ŞOK

"Şamaxı"nın məşqçisi meydana girib rəqib futbolçuları döydü - ŞOK

AFFA İntizam Komitəsi U-15 Liqasının “Metak”la görüşündə futbolçuları və rəsmiləri tərəfindən kobud qayda pozuntularına görə “Şamaxı”ya ağır sanksiyalar tətbiq edib.

“Mediasport” xəbər verir ki, matçda “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurub.

Mütəxəssisin bu hərəkətinə görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı, məşqçinin hərəkətinə görə komanda növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq.

“Şamaxı”nın U-15 komandasının baş məşqçisi Tərlan İsgəndərov və klub rəsmisi Amil Mənsimov isə 5 oyunluq disvalifikasiya olunublar. Hər iki şəxs 80+2-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırılıb.

Həmçinin görüşün 80+2-ci dəqiqəsində təcavüzkar davranış sərgiləyən “Şamaxı”nın futbolçuları Ömər Qocalı və Hüseyn Hüseynov 4, rəqibi təhqir edən Fərid Ağasarılı isə 3 oyunluq cəzalandırılıb.

“Metak”ın futbolçuları Əli Zamanov və Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Əli Şıxnəbiyev isə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.

AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” - “Qarabağ” oyununun 67-ci dəqiqəsində Gəncə təmsilçisinin futbolçusu Amur Yusifov və “Qarabağ”ın üzvü Həbib Qədimov rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalandırılıblar.

AFFA U-17 Liqasında baş tutan “Turan Tovuz” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu İlham Beybutov 41-ci dəqiqədə rəqibi vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.