Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibləri məlum oldu

 Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibləri məlum oldu

Qəbələ şəhərində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə III beynəlxalq Xankəndi ultramarafonu start götürüb.

"Mediasport" xəbər verir ki, startdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə çıxış ediblər.

Açılış mərasimindən sonra ultramarafona start verilib. Yarışda 97 iştirakçı mübarizə aparır. Azərbaycanla yanaşı, İran, Gürcüstan, Litva, Rusiya və Ukraynadan olan idmançılar da yarışa qatılıblar.

İştirakçılar ümumilikdə 192 kilometr məsafəni əhatə edən Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km) mərhələləri üzrə mübarizə aparırlar.

Qəbələ-Ağdaş mərhələsinin yekun nəticələrinə əsasən, kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili finişə birinci çatıb.

Litvalı Andrey Yeqorov ikinci, digər Gürcüstan təmsilçisi İrakli Canaşiya isə üçüncü yeri tutublar.

Qadınlar arasında Ukrayna təmsilçisi Olena Şevçenko birinci, Rusiya təmsilçisi Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olublar.