Yeni mövsümdə nüfuzlu futbol yarışları "İdman TV"nin efirində
“İdman TV” yeni mövsümdə də azarkeşlərə nüfuzlu beynəlxalq yarışları izləmək imkanı yaradacaq.
Bu barədə "Mediasport"a telekanaldan məlumat verilib.
Bildirilib ki, kanal İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və İngiltərə Kubokunun Azərbaycanda eksklüziv yayım hüququna sahibdir.
“Premyer Liqada çempionluq, avrokuboklara vəsiqə və turnirdə qalmaq uğrunda mübarizə, La Liqada isə “Real Madrid”, “Barselona”, “Atletiko Madrid” və digər aparıcı klubların qarşılaşmaları tamaşaçılara təqdim olunacaq. Müəyyən fasilədən sonra yenidən yayımlanacaq İngiltərə Kuboku da azarkeşlər üçün xüsusi maraq doğuracaq”, - deyə məlumatda qeyd edilib.
Yeni mövsümün əsas yeniliklərindən biri Bundesliqanın geri qayıtmasıdır.
“Bavariya”, “Borussiya Dortmund”, “Leypsiq”, “Bayer Leverkuzen” və digər klubların oyunlarını televiziyada, eləcə də “İdman TV”nin YouTube platformasında da izləmək mümkün olacaq.
Avropa basketbolunun ən nüfuzlu yarışlarından olan Avroliqa da mövsüm ərzində canlı yayımlanacaq.


