Braziliyalı Azərbaycanla vidalaşdı: "Minnətdarlıq hissi ilə ayrılıram"

"Son dörd ildə çıxış etdiyim "Zirə" ilə vidalaşıram. Bu müddət ərzində öyrəndiklərim, çətinliklərim və nailiyyətlərim də oldu".
"Mediasport" xəbər verir ki, bunu "Zirə"dən ayrılan Filip Paxtmann şəxsi sosial şəbəkə hesabında yazıb.
Klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən braziliyalı forvard vida paylaşımı edib. O, baş məşqçi Rəşad Sadıqova təşəkkürünü bildirib:
"Həm meydanda, həm də meydandan kənarda qardaşlaşan komanda yoldaşlarıma və mənə hər zaman dəstək olan klub rəsmilərinə minnətdaram.
İstənilən vaxt yanımızda olan, bizi alqışlayan və dəstəkləyən "Zirə" azarkeşlərinə isə xüsusi təşəkkür edirəm.
Sevginiz və fədakarlığınız hər şeyi fərqli etdi. Məni qucaq açıb qarşılayan, inanılmaz təcrübələr keçdiyim Azərbaycana da minnətdaram.
Buradan minnətdarlıq hissi ilə ayrılıram. Kluba böyük uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm, "Zirə".
Qeyd edək ki, cənubi amerikalı futbolçu 2022-ci ildən "qartallar"ın heyətində idi, uzun zamandır zədədən əziyyət çəkirdi.