29 güləşçimizdən heç biri "qızıl" qazana bilmədi - Kimdir günahkar?

29 güləşçimizdən heç biri "qızıl" qazana bilmədi - Kimdir günahkar?

Bakıda keçirilən U-17 dünya çempionatı Azərbaycan güləşi üçün gözlənilən nəticəni vermədi.

Yarışın son günündə İbrahim Həsənovun ölkəmizə yeganə qızıl medalı qazandırmaq şansı olsa da, alınmadı.

Ümumilikdə yekun mənzərə ürəkaçan olmadı. Azərbaycan komandasının doğma divarlar arasında keçirilən dünya çempionatını qızıl medalsız başa vurması gözlənilməz nəticədir.

29 güləşçidən 9-u qızlar arasında mübarizədə medalsız qaldı. Amma əsas suallara 20 oğlan güləşçidən birinin çempion ola bilməməsi yol açır.

Bu nəticə zəngin güləş ənənələrinə malik ölkə üçün ciddi uğursuzluq sayılmalıdır.

Ötən il Yunanıstanda keçirilmiş analoji turnirdə həm yunan-Roma, həm də sərbəst güləşdə qızıl medal əldə etdiyimizi yada salsaq, Bakıdakı mundialda qazanılan digər əyarlı 7 medal istənilən halda uğursuzluqdur.

Xüsusilə DÇ-də finala yüksələn hər dörd güləşçimizin həlledici görüşdə məğlub olması fiziki, psixoloji və taktiki hazırlığın yerində olmamasından xəbər verir.

Azərbaycan tarixən güləş ölkəsidir və daim hədəf yüksək yerlər olub.

Əsas da sərbəst güləş millisinin çıxışı məsul şəxsləri daha çox düşündürməlidir. Bu növdə 9 təmsilçimizin mötəbər yarışı medalsız başa vurması ciddi təhlilə, araşdırmalara ehtiyac olduğunu göstərir.

Əlbəttə, həm yunan-Roma, həm də sərbəst güləş yığmalarında yeni məşqçilər korpusu fəaliyyətə başlayıb və istər Rafiq Hüseynov, istərsə də Hacı Əliyevin üzərinə çox getmək də olmur. Yeni sistemin formalaşması və komandanın tam uyğunlaşması üçün zamana ehtiyac var.

Ancaq ortadakı nəticə məşqçilərin yeni olmalarına bəraət qazandırmamalıdır. Əksinə, federasiya rəhbərliyi dünya çempionatına ayyarım qalmış millilərdə məqşçi dəyişikliklərini nəyə əsasən edibsə, qərar əsaslı şəkildə izah olunmalı və hazırkı nəticələrə də birbaşa onlar məsuliyyət daşımalıdır.

Olimpiya, dünya və Avropa çempionatlarında saysız-hesabsız çempionları olmuş ölkənin gələcəyi sayılan U-17 milli komandasında 29 idmançıdan heç biri qızıl medal qazana bilmirsə, cavabdeh birbaşa aidiyyəti qurumun rəhbərliyidir.

Köklü güləş tarixi olan ölkənin ev sahibliyi etdiyi dünya çempionatında çempionsuz qalması normal qəbul edilə bilməz.

MEDİASPORT.COM.AZ