380 minə satılan Azərbaycan klubunun adı dəyişdiriləcək
Yeni mövsümdən Quba şəhərini təmsil edəcək "Səbail"in adı dəyişdiriləcək.
"Mediasport" xəbər verir ki, klubun yeni sahibləri hüquqi prosedurlar aparılır.
Bu barədə klubun açıqlamasında qeyd edilib:
"Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.
Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.
Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır".
Qeyd edək ki, 2019/2020-ci illər mövsümündə Azərbaycanı UEFA Avropa Liqasının təsnifat mərhələsində təmsil etmiş "Səbail" bir müddət əvvəl yeni himayədarlarına 380 min manata satılıb.
2016-cı ildə yaradılmış və Bakını (Bayıl) təmsil etmiş klub 2018/2019-cu illər mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medalçı olub.
Komanda 1-ci Liqada gümüş (2016/2017) və bürünc (2025/2026) medalları qazanıb.


