"Haqqım hamıya halaldır, bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük" - Qurban Qurbanov
"Azər Bağırovu, onun komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar və layiqli qələbə qazandılar. Çox istəkli idilər".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 17-ci turunun "Kəpəz"lə ev oyunu haqda danışıb, 0:2 hesablı məğlubiyyəti şərh edib:
- Öz futbolçularıma gəldikdə, deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionata yaxşı başlamaq istəyərdik. Bir daha göründü ki, asan oyun olmayacaq. Bütün matçlara maksimum hazırlıq və motivasiya ilə çıxmalıyıq. Qarşıdakı günlərdə "Liverpul"la oyuna hazırlaşmalıyıq.
Transferlərlə bağlı vəziyyət nə yerdədir?
- Danışıqlar gedən futbolçular var. Başa düşürük ki, yeni oyunçular lazımdır. Futbolçu gətirmək elə də asan deyil. Artıq komandalar daha təcrübəli olublar, bir-birini yaxşı tanıyırlar. Nəticələr göstərir ki, daha aktiv olmalıyıq, oyunlara məsuliyyətlə yanaşmalıyıq. Hər xal bizim üçün dəyərlidir. İnşallah yaxşı olar.
Bəhlul Mustafazadə üçün Çin klubundan təklif gəlib?
- Maraqlananlar var, təkliflər gəlir. Hazırda "Liverpul"la oyuna köklənmişik. Hələ konkret qərar verilməyib.
Bədavi Hüseynovun zədəsi ciddidir?
- Bəli, ciddi görünür. Başında şiş var idi. Özüm də görüb pis oldum.
"Ayntraxt"la oyundan sonra bunadək sizin barənzdə neqativ fikirlər səsləndirənlərə haqqınızı halal edirsiniz?
- Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük.
"Kəpəz"ə məğlubiyyətə görə futbolçuları cəzalandıracaqsınız?
- Xeyr. Oyundan sonra futbolçulara motivasiya verdim. Futbolun özəlliyi, gözəlliyi odur ki, düşünmədiyin nəticələr olur. Qarşıdakı rəqibə həmişə dəyər vermək lazımdır. Lazım olan vaxtlarda cəza olub.
Elvin Cəfərquliyevə "Fənərbağça"dan təklif gəlib?
- Məndə belə məlumat yoxdur.
