Millimizin baş məşqçisi: "55-ci dəqiqədən sonra dözə bilmədik"

"Millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtımız olur. Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.
"Mediasport" xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.
Mütəxəssis AVRO-2027-nin seçmə mərhələsi çərçivəsində baş tutan Çexiya ilə səfər matçı haqda danışıb, 0:5 hesablı darmadağını şərh edib:
“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq. İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik.
Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.