Sumqayıtda Uşaq Paralimpiya Oyunlarının açılışı baş tutdu
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azercell Telecom” MMC-nin tərəfdaşlığı ilə 8-ci Uşaq Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev, vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış ediblər.
Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Yarışda 130 uşaq səkkiz idman növü (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparır.
