İki cüdoçumuz qızıl medal qazandı, Əliyeva tarixə düşdü

İki cüdoçumuz qızıl medal qazandı, Əliyeva tarixə düşdü

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürən "Böyük Dəbilqə" turnirinə uğurla başlayıblar.

"Mediasport" xəbər verir ki, ilk yarış günündə 5 təmsilçimizdən ikisi qızıl, biri bürünc medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn Könül Əliyeva (48 kq) ilə Balabəy Ağayev (60 kq) çempion olublar.

Rəşad Yelkiyev (66 kq) bürünc mükafata sahib çxııb.

Eyni çəkidə Ruslan Paşayev və qadınlar arasında Gültac Məmmədəliyeva (52 kq) uğursuz çıxış edib.

Könül Əliyeva "Böyük Dəbilqə"də qızıl medal qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Xatırladaq ki, yarışda Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) da tatamiyə çıxacaq.

Turnir Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.