AFFA-dan "Turan Tovuz"a CAVAB VERİLDİ: "Əks halda məsələyə..."

AFFA-dan "Turan Tovuz"a CAVAB VERİLDİ:  "Əks halda məsələyə..."

"Turan Tovuz" bu gün Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək "Şamaxı" ilə matçın teleyayımın və VAR-ın olmaması səbəbindən təxirə salınmasını istəmişdi.

"Mediasport" xəbər verir ki, AFFA qərb təmsilçisinin müraciəti ilə bağlı açıqlama yayıb.

Federasiya "Turan Tovuz"un bəyanatından məyus olduğunu qeyd edib:

"Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların keçiriləcəyi stadionlarda müəyyən çətinliklər yaranıb. Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” oyununun keçirildiyi Şamaxı şəhərində güclü qar yağmasına baxmayaraq, stadion qardan təmizlənib və oyuna hazır vəziyyətə gətirilib.

Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır.

Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir".

Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" oyunu keçirilib və qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.