Anormallığın analoqsuzluğundan doğan reallıq - Why? Pourquoi?

Anormallığın analoqsuzluğundan doğan reallıq - Why? Pourquoi?

Şəklə diqqətlə baxmamaq əldə deyil - Azərbaycan futbolunun vayına oturmuş, futbolumuzu 16 il ağlar qoymuş adam və Azərbaycan futbolunu bəlkə də 16 il idarə edəcəyi deyilən qapalı persona.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub, Parisdə keçmiş həmkarı, Azərbaycan futbolunun "qatil"i Elxan Məmmədovla görüşərək poz verib.

Ölkə futbolunu büsbütün mələr qoymuş adamla bu sahədə ilk addımlarını atan birinin uzaq Parisdə ekzotik görüşü - Və ya anormallığın analoqsuzluğundan doğan reallıq.

Üstəlik, şəkli federasiyanın rəsmi saytının manşetinə yerləşdirməkdə məqsəd nədi? Hansı sətiraltı mesaj, məna var? "Futbolun qırğını" davam edəcək, yəni?

Yoxdu da belə şey.

Perspektivə kağız üzərində ümidlər vəd edən yeni rəhbərliyin timsalında ölkə futbolunun aparıcı bir şəxsi Azərbaycan futbolunun "qatı düşməni" hesab edilən adamla niyə görüşməlidi? Nə məqsədlə?

Fərəcullayev müəllim bəlkə "FİFA Elxan"la futbolumuzun anasının ağlar qalma metodikasını, tətbiqi qaydalarını, ən nöqtə atış elementlərini mənimsəmək üçün görüşüb? Ya nə? Niyə də, niyə?

Əsəbdən adamı gic gülmək tutur.

4-5 milyon manat ver, hansısa naməlum belçikalılara İnkişaf Strategiyası yazdır, sonra da get bunu sənin futbolunu quyunun dibinə buraxmış adamla müzakirə elə...

Bugünlərdə AFFA rəhbərliyində ilini tamamlamış Rövşən Nəcəf ciddi-ciddi sələfi Rövnəq Abdullayevin ölənlərinə rəhmət oxutmağa başlayıb.

Allah cəminizə, cəminizin ölənlərinə qəriqi rəhmət eləsin!

Fatihə...

Elvin ƏHƏD