"Artıq futbolçular da nəticələrə görə utanırlar" - Sənan Qurbanov

"Artıq futbolçular da nəticələrə görə utanırlar" - Sənan Qurbanov

"Geridə qalan 3 oyunda akademiyadakı məşqçilərlə birlikdə əlimizdən gələni etdik. Düşündük ki, komanda bəlkə toparlanar və nəticələr yaxşı olar. Amma görünür ki, nəticələr yaxşı olmadı. Hamımız birlikdə azarkeşlərimizi üzdük".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Sənan Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sabah"la oyunu haqda danışıb, 0:2 hesablı məğlubiyyəti şərh edib:

"Üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bugünkü idi. Birinci hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Meydana 2 hücumçu ilə çıxdıq ki, bəlkə rəqibə təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq. Bu da bəhrəsini evrmədi".


"Neftçi”də bu yay komandaya gələn Alessio Kurçidən başqası tapılmadı ki, məğlubiyyətə görə azarkeşlərdən üzrxahlıq etsin?

- Əlbəttə ki, bütün futbolçular olaraq azarkeşlərdən üzrxahlıq etmək mümkündür. Düşünürəm ki, artıq futbolçular da nəticələrə görə utanırlar. Allah qoysa, qarşıdakı günlərdə "Neftçi” üçün xeyirli olar, yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz ancaq “Neftçi”nin yaxşı olmasını arzulayırıq.

Kenan Piriç 1-ci turdan bu yana səhvlər edir, bu gün də etdi. Amma ehtiyat skamyaya göndərilmir. Bu qədər lüksü haradandır? Sessi D`Almeyda da səhvlərinə baxmayaraq, yenə start heyətindədir. Onların bu qədər start heyətində qalmasının arxasında nə dayanır?

- Siz kənardan bəlkə daha yaxşı görürsünüz. Mən də “Neftçi”nin oyunlarını izləyirdim. Birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Futbolçular gərək, məşqlərdə yaxşı tərəfdən özlərini göstərsinlər ki, meydana çıxa bilsinlər. Mən, sadəcə, gördüklərimi oynatdım. Çox da dəyişikliyə gedə bilmədim.