Azərbaycan çempionatının başlanacağı tarix açıqlandı

Basketbol üzrə XXXI Azərbaycan çempionatının başlanma tarixi və reqlamenti açıqlanıb.
"Mediasport" xəbər verir ki, yarış sentyabrın 28-də start götürəcək.
Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək.
Müntəzəm mövsümün oyunları A və B qruplarında baş tutacaq. Ötən mövsümdə göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar bəlli olub.
A qrupu: "Sabah", "Neftçi" İK, "Şəki", "Abşeron Lions", NTD, "Gəncə";
B qrupu: "Naxçıvan", "Ordu" İK, "Sərhədçi" PİK, "Sumqayıt", "Quba", "Lənkəran".
Müntəzəm çempionatın A qrupunun oyunlarında meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərt olacaq.
B qrupunun oyunlarında isə XV tur daxil olmaqla 3 əcnəbi və 2 yerli basketbolçu, XVI turdan etibarən isə 4 əcnəbi və 1 yerli basketbolçunun parketdə olması mütləqdir.
Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə əldə edəcəklər.
Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 3 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olacaq.
Qeyd edək ki, çempionatın yekun nəticələrinə əsasən, mövsümü ilk "8-lik"də tamamlamış klublar növbəti mövsümdən 1-ci liqada (ABL), 9–12-ci yerləri tutmuş klublar isə ölkə basketbolunda ilk dəfə olaraq təşkil olunacaq ikinci liqada (ABL 2) mübarizə aparacaqlar.