Azərbaycan milli komandası Macarıstanda toplanışa qatılıb

 Azərbaycan milli komandası Macarıstanda toplanışa qatılıb

Azərbaycanın qadın güləşçiləri Macarıstanın Tata şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

"Mediasport" xəbər verir ki, qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində yığmamızın üzvləri də iştirak edirlər.

Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışa baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) qatılıblar.

Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.

Növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub.

U-20 millisinin üzvlərinin – Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında avqustun 5-17-si aralığında Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır.

Komanda üzvləri hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U-20 dünya çempionatında mübarizə aparacaq.