Azərbaycanı Monteneqroda təmsil edəcək şahmatçılar müəyyənləşdi

  Azərbaycanı Monteneqroda təmsil edəcək şahmatçılar müəyyənləşdi

Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib.

"Mediasport" xəbər verir ki, 11 turdan ibarət turnirdə A və B qruplarında ümumilikdə Azərbaycanın 26 şəhər və rayonundan 250 şahmatçı yarışıb.

Daniel Konovalov, Mələk Əsədli (8 yaşlılar), Fərid Sadıqzadə, Mədinə Eyvazova (10 yaşlılar), Yusif Musasoy, Məryəm Məmmədova (12 yaşlılar), Hüseyn Qurbanov, Dinara Hüseynova (14 yaşlılar), Məhəmməd Bağırov və Sara Kərimzadə (16 yaşlılar) birinci yeri tutub.

3 və 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası A və B qruplarında qalib olub.

Gəncə və Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin komandası 2-ci, Beyləqanla Şəki Uşaq-Gənclər Şahmat Məktəbinin kollektivi 3-cü yerdə qərarlaşıb.

A qrupunda oğlanlar və qızlar arasında 1-ci yer tutan Məhəmməd Bağırov və Dinara Hüseynova noyabrda Monteneqroda keçiriləcək yeniyetmələrin Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər.