Azərbaycanın bir güləşçisi Serbiyada dünya çempionu oldu

 Azərbaycanın bir güləşçisi Serbiyada dünya çempionu oldu

Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında ilk qızıl medalını qazanıb.

"Mediasport" xəbər verir ki, bu uğura yunan-Roma güləşçimiz Ziya Babaşov imza atıb.

63 kq çəki dərəcəsində yarışan idmançımız finalda moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək çempion olub.

Qeyd edək ki, digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq)də  finala yüksəlib. O, sabah finalda rusiyalı Alibek Amirovla güləşəcək.

Ruslan Nurullayev (72 kq) isə sabah təsəlliverici görüşdə Oleq Xəlilov (Ukrayna) – Mate Veq (Macarıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Azərbaycan digər təmsilçilərindən Fəraim Mustafayev (67 kiloqram) və Əli Quliyev (97 kiloqram) ümidləri doğrultmayıb.

Mundiala oktyabrın 27-də yekun vurulacaq.