Bakıda "Zəfər turniri" keçiriləcək
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Bakıda "Zəfər turniri" keçiriləcək.
"Mediasport" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan İdman Akademiyasının (AİA) dəstəyi ilə reallaşacaq turnirdə müxtəlif bölgələrdən olan 18 yaşadək gənc oğlan və qız idmançılar mübarizə aparacaqlar.
Yarışlar 60 metr məsafədə fərdi qaydada keçiriləcək. Turnirin əsas məqsədi gənc oxatanlar arasında bu qədim və zərif idman növünün təbliği, istedadlı idmançıların müəyyənləşdirilməsi və onların beynəlxalq yarışlara hazırlıq səviyyəsinin artırılmasıdır.
Turnir çərçivəsində idmançılar fərdi bacarıqlarını sınaqdan keçirəcəklər.
13-15 noyabr aralığında keçiriləcək yarışın qalibləri diplom və medallarla təltif olunacaqlar.
