"Burada keçirdiyim hər bir anı minnətdarlıqla xatırlayacam"
"Doğma "Mingəçevir" FK-dan ayrılmaq mənim üçün çox çətin olsa da, geridə qalan 1 il ərzində xoş izlər qaldı. Bu müddət ərzində bizdən dəstəyini əsirgəməyən hər bir kəsə — başda klub rəhbərliyinə, çiyin-çiyinə çalışdığım məşqçilər heyətinə, meydanda hər matçda can qoyan futbolçularımıza və klubun görünməz qəhrəmanları olan inzibati heyətə sonsuz minnətdarlığımı bildirirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Mingəçevir" FK ilə yollarını ayıran baş məşqçi Ramiz Məmmədov deyib.
Yeni mövsümdən "Karvan-Yevlax"ı çalışdıracaq mütəxəssis sabiq klubu ilə vidalaşıb:
"Xüsusi təşəkkürüm isə bizi heç bir oyunda tək qoymayan, həm ev, həm də səfər matçlarında komandanın yanında olan fanklubumuza və bütün Mingəçevir azarkeşlərinədir.
Sizin tribunadakı dəstəyiniz və sonsuz sevginiz hər zaman bizə güc verdi.
"Mingəçevir" FK-nın bir hissəsi olmaq mənim üçün böyük bir şərəf idi və burada keçirdiyim hər bir anı həmişə minnətdarlıqla xatırlayacam.
Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdır və mənim üçün bu şəhərin, bu klubun yeri hər zaman xüsusi olaraq qalacaq.
Doğma komandama gələcək yolda uğurlar arzulayıram.
Hər şey üçün təşəkkürlər!
Xatırladaq ki, "Mingəçevir" son mövsümdə Ramiz Məmmədovun rəhbərliyi altında Premyer Liqanın biraddımlığından qayıtdı.
Komanda elitaya çıxmaq üçün pley-off görüşündə "Qəbələ"yə məğlub oldu.


