Azərbaycan çempionatının adı dəyişdirilib Super Liqa qoyuldu
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində 2026-2027-ci illər mövsümündə voleybol üzrə Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib.
"Mediasport" xəbər verir ki, görüşdə Azərbaycan Voleybol Federasiyasının (AVF) İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, aşağı yaş qrupları üzrə təlim işləri koordinatoru Nərgiz İsmayılova, Super Liqada iştirak edəcək komandaların nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.
Tədbirdə bildirilib ki, ötən mövsümlər Yüksək Liqa adı ilə keçirilmiş yarış yeni mövsümdən etibarən Super Liqa adlanacaq.
Həmçinin liqanın 2026-2027-ci illər mövsümü üzrə əsasnaməsi klub nümayəndələrinə təqdim olunub.
Çıxış edən Ş.Kərimov bildirib ki, ötən mövsüm olduğu kimi, bu dəfə də Super Liqada 9 qadın (“Turan”, “DH Volley”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “Azərmaş Abşeron”, “Murov Az Terminal”, “AZERRAIL” və “Naxçıvan”), 6 kişi komandası (“Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər”) mübarizə aparacaq.
Qeyd edib ki, yeni mövsümdə qadınların yarışında iki yenilik olacaq. Ötən mövsüm “Abşeron” adı ilə çıxış etmiş komanda bu dəfə “Azərmaş Abşeron” adı ilə mübarizə aparacaq. “Naxçıvan” klubu isə tarixində ilk dəfə Super Liqada iştirak edəcək.
Bildirilib ki, Super Liqanın 2026-cı ilin oktyabr ayında start götürməsi və 2027-ci ilin aprelində başa çatması nəzərdə tutulur.
Yarışın liqa və pley-off mərhələlərindən ibarət olacağı diqqətə çatdırılıb. Qadınların yarışında liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək.
Nəticələrə əsasən, 8 komanda pley-offa yüksələcək. Kişilərin yarışında isə oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.
İki dövrənin yekununda 1-4 pillələrdə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.
Şir-Aslan Kərimov çıxışında yeni mövsümdə mübarizə aparacaq bütün komandalara, həmçinin avrokuboklarda ölkəmizi təmsil edəcək klublara qarşıdakı yarışlarda uğurlar diləyib.
Tədbirdə yarışın keçirilmə qaydaları, yeni tələblər, qeydiyyat və digər təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb.

