"Bütün dünyada qürur duyulacaq idman bayramı yaradacağıq"

Azərbaycan Respublikasının gənclər və idman naziri, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədr müavini Fərid Qayıbov III MDB Oyunlarında iştirak edəcək idmançıları və onların komanda üzvlərini salamlayıb.
"Mediasport" xəbər verir ki, nazir respublikamız artıq özünü dünya səviyyəli genişmiqyaslı tədbirlərin etibarlı təşkilatçısı kimi təsdiq etdiyini bildirib.
Qeyd edib ki, Azərbaycan dəfələrlə dünyanın hər yerindən ən yaxşı idmançıları və minlərlə tamaşaçı toplayan əhəmiyyətli idman hadisələri üçün arenaya çevrilib:
"Müxtəlif illərdə Azərbaycan 2015-ci il birinci Avropa Oyunlarına, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına, 2019-cu il UEFA Avropa Liqasının finalına, 2020-ci il futbol üzrə Avropa çempionatının dörd matçına, 2016-cı ildən Bakıda hər il keçirilən Formula 1 yarışlarına ev sahibliyi edib. Bütün bu hadisələr Azərbaycanın regionun idman mərkəzi kimi imicini gücləndirməklə yanaşı, ölkəmizin yüksək səviyyədə təşkilatçılıq, inkişafı etmiş infrastruktur və qonaqpərvərliyini nümayiş etdirdi.
Oyunların Təşkilat Komitəsinin sədr müavini olan F.Qayıbov bildirib ki, bu yarış ölkə tarixində ilk dəfə olaraq regionlarda keçiriləcək:
“Azərbaycanın yeddi şəhəri qapılarını açmağa, zəngin mədəniyyət, isti qonaqpərvərlik və müasir idman infrastrukturunu göstərməyə hazırdır. Bu Oyunlar idmanın, iqtisadiyyatın və sosial sahənin inkişafı üçün stimul olacaq, gəncləri ruhlandıracaq, parlaq xatirələr yaradacaq və özündən sonra dəyərli irs — dünya səviyyəli yeni və yenilənmiş idman obyektləri saxlayacaq”.
O, yarışların yüksək səviyyədə keçməsi üçün Təşkilat Komitəsinin əlindən gələni etdiyini vurğulayıb:
“Təcrübəli və fədakar komanda lazımi təlimlərdə iştirak edib. Əminəm ki, biz qonaqlar üçün ən yaxşı şəraiti təmin edə biləcəyik və onlar bu yarışlardan tam zövq alacaqlar. Biz birlikdə təkcə Azərbaycanda deyil, bütün dünyada qürur duyulacaq idman bayramı yaradacağıq. Bütün iştirakçılara parlaq qələbələr, qonaqlara isə xoş təəssüratlar arzulayıram. III MDB Oyunlarında görüşərik!”
Xatırladaq ki, III MDB Oyunları 26 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.
Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.
Hər iki tədbir yerli vaxtla saat 19:00-da başlanacaq.