Cahangir müəllim, iş görmək lazımdır, "raskrutka" etdirmək yox

 Cahangir müəllim, iş görmək lazımdır, "raskrutka" etdirmək yox

Xüsusən AFFA İcraiyyə Komitəsinin bir neçə gün əvvəl baş tutmuş Hesabat Konfransından sonra, təəssüf ki, bəzi mətbu orqanlarda yeni baş katib Cahangir Fərəcullayevin tərif "kampaniya"sı aparılır.

Bilmirəm, sifariş "yuxarı"dandır, yoxsa gözə girmə metodudur.

Hər bir halda buna el içində, yaxud şou-biznes aləmində süni "raskrutka" deyilir.

Yeni iş yerində iki aydan bir qədər çox müddətdə mətbuatdan yan qaçan və əsasən veteran-yubilyarların təbrik mərasimində foto üçün poz verməklə diqqəti çəkmiş federasiya rəsmisinin Hesabat Konfransında Azərbaycan futbolunun problemlərini dilə gətirməsi idman ictimaiyyətinə fövqəladə hadisə kimi sırınır.

Sanki yeni bəy yeni fikir söyləyib. Əttökənlik etməyin də, nolar.

Əlahəzrət Sərxan Hacıyevin kölgəyə çəkdirildiyi periodda Fərəcullayev müəllimin kağızdan oxuyub dilə gətirdiyi problemlər qaysaq bağlayıb e, dilimizin "mazol"u çıxıb. İndi eşidirsiz, məgər?

Barı, kişini başqa nəmənə ilə tərif piştaxtasına çıxarın da. Vitrinə vurulacaq qədər effektiv məddahlıq nümunəsi deyil axı onun ağzına aldığı fikirlər.

Azərbaycan futbolunun xirtdəyə qədər problemin, çirkabın içində olduğunu hansı rəhmətlikləri qəbirdən çıxarsan, dirilib bir-bir sayar, yenidən ölər.

İş görmək lazımdır, cənablar. İş! Bəy tərifinizi sonraya saxlayın. Bismillah eləməyib hələ, əlini daşın altına qoysun, görək o təriffason frazalara dəyir, ya yox.

Hamam suyuna dost tutmaq ənənəsindənsə, zəhmət olmasa, bir az sağdan götürün, görək kimdir bu Cahangir Fərəcullayev, futbolumuzun hansı yarasına necə məlhəm olacaq.

Aranda-Turanda, Parisdə-Luvrda şəkil çəkdirmək deyil bu.

AYXAN