"Cari seçmə mərhələdə ilk qələbə üçün əlimizdən gələni edəcəyik"

"Normal hazırlıq keçmişik. Komandada vəziyyət yaxşıdır. Zədəli və bəzi problemlərə görə komandaya qoşula bilməyən futzalçılarımız oldu. Onların yoxluğuna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək.
"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Kənan Manafov deyib.
O, Avropa çempionatının əsas mərhələsi çərçivəsində sabah səfərdə Yunanıstan yığmasına qarşı keçirəcəkləri matç haqda danışıb.
K.Manafov deyib ki, rəqibimizi yaxşı tanıyırlar:
"Son oyunumuzu da onlara qarşı keçirmişik. Bakıdakı matçda hesabı açan tərəf olsaq da, sonradan yenik duruma düşdük. Halbuki bir neçə epizodda fərqi artıra bilərdik. Əvəzində son dəqiqədə bərabərlik qolunu vurduq.
Yunanıstan yığması bizdən fərqli olaraq mart ayında artıq bir oyun keçirib. Onlar Xorvatiya millisi ilə qarşılaşıblar. Qrupun favoritinə minimal hesabla yeniliblər. Ümumi götürdükdə, biz onları, onlar da bizi yaxşı tanıyır. Baş məşqçimiz sabahkı oyunda müdafiədə və hücumda necə oynamalı olduğumuzu deyəcək. Əslində, məşq prosesində bunun üzərində işləmişik. Son təlimatları oyunöncəsi məşqdə alacağıq.
Komanda dünən səhər saatlarında Afinaya çatıb. İlk məşqimizi oyunun keçiriləcəyi arenada deyil, başqa məkanda reallaşdırdıq. Bu məşq daha çox uzaq səfərdən sonra bərpa xarakteri daşıyırdı. Məqsəd aydındır. Cari seçmə mərhələdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yunanıstan yığması da yaxşı rəqibdir. Xüsusilə də müdafiədə keyfiyyətli oynayırlar".
Martın 11-də Afinada “Dias Sports Hall”da keçiriləcək matç saat 21:00-da başlanacaq.