"Ümid edirəm ki, bu nəticə hamımıza əlavə stimul olacaq"
"Çempionluq şansımı bəlkə də X turda əldən verdim. Bir gedişə İspaniya təmsilçisini məğlub etmək olardı. Ümumilikdə fəxri kürsüdə iki azərbaycanlının olması ölkə adına böyük uğurdu".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan millisinin şahmatçısı Nicat Abbasov deyib.
Qrossmeyster Polşanın Katovitse şəhərində keçirilən şəxsi Avropa çempionatı haqda danışıb, gümüş medal qazanmasını şərh edib:
"Yarışın sonluğu bir qədər üzücü alındı. Son turlarda lider mövqeyində idim, X turda çox vacib qələbə qazana bilərdim.
Həlledici turdan əvvəl Azərbaycanın 3 şahmatçısının çempionluq şansının olması sevindirici idi. Təəssüf ki, alınmadı.
Ən çətin, fikrimcə, XI tur oldu. Sanki çempionatın finalında mübarizə aparırsan. Yarışın ikinci yarısını daha yaxşı keçirən Məhəmməd Muradlı da medala layiq idi.
Ümid edirəm ki, bu nəticə hamımıza əlavə stimul olacaq və növbəti yarışlarda da yaxşı nəticələr əldə ediləcək".
O, qitə birinciliyinə medal qazanmaq üçün yoillandığını bildirib:
"Avropa çempionatına yollanmamışdan əvvəl hədəf ən yüksək nəticə idi. Çünki son illər qitə çempionatında Dünya Kubokuna vəsiqə qazansam da, mükafatçılar sırasında yer almamışdım.
Ötən il son tur ərəfəsində medallar uğrunda mübarizəni davam etdirirdim. 2025-ci ildəki yarışın son turunda qara fiqurlarla Almaniya təmsilçisi Mattias Blyubaumla heç-heçə oynadım. Yekunda medal qazana bilmədim, rəqib isə çempion oldu. Ona görə cari ildə əsas hədəf medal qazanmaq idi".
Xatırladaq ki, Avropa çempionatında Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc mükafat əldə edib, Məhəmməd Muradlı isə 4-cü olub.
