Bakıda 6-cı “Qələbə qaçışı”
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda 6-cı “Qələbə qaçışı” keçirilib.
"Mediasport" xəbər verir ki, “Qürurla irəli” şüarı ilə təşkil olunan xeyriyyə tədbiri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümünə həsr olunub.
Startdan əvvəl Dövlət Himni səsləndirilib. Vətən müharibəsində canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət edib və eyni məkanda finişə çatıblar.
Builki “Qələbə qaçışı”nın fəxri qonaqları arasında Vətən müharibəsi şəhidlərinin övladları da yer alıblar.
Qaçışda iştirak üçün 2000-dən çox şəxs qeydiyyatdan keçib, 1494 nəfər isə finişə çatıb.
Kişilər arasında Bəxtiyar Əsgərli birinci, Loğman İsrafilli ikinci, Əli Rzazadə isə üçüncü yeri tutublar.
Qadınların mübarizəsində Anna Yusupova, Qənirə Həsənova və Arzu Məmmədbəyova ilk üçlükdə qərarlaşıblar.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov təqdim ediblər.
Tədbir tanınmış müğənnilər Röya, Murad Arif və Mərdan Kazımovun ifasında konsert proqramı ilə davam edib.
Xeyriyyə qaçışından toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

